Rusiyanın Ukrayna torpaqlarına qarşı hərbi müdaxiləsindən sonra tətbiq edilən sanksiyalar bu ölkənin idmanına və idmançılarına da zərbə vurub.
Hafta.az-ın yazdığına görə, Rusiya idmançılarının olimpiada və yarışlara qatılmalarının yasaqlanması bir çox idmançını vətəndaşlıqdan çıxmağa məcbur edib. Rusiya İdman Nazirliyinin məlumatına görə, indiyədək 100-dən çox idmançı vətəndaşlığını dəyişib.
TASS xəbər verir ki, Rusiya idman nazirinin müavini Aleksey Morozov 100-dən çox rusiyalı idmançının vətəndaşlığını dəyişərək xarici komandalarda oynamaq qərarına gəldiyini, onlardan 55-nin olimpiya idman növləri üzrə yarışdığını bildirib.
Morozov “Olimpiya idman növləri üzrə 55 idmançı vətəndaşlığını dəyişib, qeyri-olimpiya idman növlərini nəzərə alsaq, bu rəqəm 100-ü keçir. Məşqlərə xərclənən pulun qaytarılması üçün presedentlər var. Vətəndaşlığın dəyişdirilməsinə gəldikdə, bəzi ölkələr bunu düzgün etmir” deyib.
İclasda Rusiya Qılıncoynatma Federasiyasının prezidenti İlqar Məmmədov bildirib ki, Rusiya qılıncoynadanları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edə bilməyəcək, çünki seçkilərdən il yarım keçib və aparıcı idmançılar rusiyalı qılıncoynadanların yarışmasına icazə verilmir.
Ukraynaya qarşı müharibə başlayandan 204 idmançı Rusiya vətəndaşlığını dəyişib. Onların əksəriyyəti – 141 nəfəri şahmatçılar və 11 nəfəri fiqurlu konkisürənlərdir.